19:18

Masallı Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

Avqustun 27-də Masallı Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında İcra başçısı Araz Əhmədov rayonun idarə, müəssisə və təşkilat rəhbərinin iştirakı ilə şəhid ailələrini qəbul edib.

Xəbər24.medianın məlumatına görə, tədbiri ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açan İcra başçısı görüşdə iştirak edən şəhid ailələrini salamlayaraq ölkəmizdə, eləcə də Masallıda şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Daha sonra ötən görüşlərdə şəhid ailələrinin qaldırdıqları məsələlərin həlli ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat üçün söz Masallı Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevə verilib.

Q.Hadıyev tədbir iştirakçılarını salamlayaraq, rayon rəhbəri ilə ötən görüşlərdə şəhid ailələri tərəfindən edilmiş müraciətlər, onların həlli istiqamətində görülmüş işlər və hal-hazırda bir çox məsələlərlə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Sonra İcra başçısı A.Əhmədov şəhid ailələrindən onları narahat edən məsələlərlə bağlı təklif və müraciətlərini səsləndirməyi xahiş edib.

Şəhid ailələrindən Gülsüm Xəmmədova, Famil Məmmədov, Mehriban Sultanova, Akif Qasımov, Sədaqət Məmmədova, Rəhman Qarayev, Gülarə Novruzova, Şükran Əmənov, Şəhla Hüseynova, Qorxmaz Novruzov, Hafiz Qurbanov, Güləhməd Qılıncov və başqalar onları narahat edən məsələlrlə bağlı müraciətlərini dilə gətiriblər.

RİH-nin başçısı Araz Əhmədov ötün görüşlərdə olduğu kimi səslənən bütün müraciətlərin qeydə alındığını, şəhid ailələrini narahat edən hər bir məsələnin həlli istiqamətində mümkün olan addmların atılacağını, onların müraciətləri ilə bağlı operativ tədbirlərin görüləcəyini bildirib.

Sonda Masallı RİH-nin başçısı Araz Əhmədov ölkə başçısının şəhid ailələrinə diqqət və qayğısından bəhs edərək, belə görüşlərin mütəmadi keçirildiyini vurğulayaraq, hər vaxt şəhid ailələrini narahat edən məsələlərlə bağlı onları dinləməyə hazır olduğunu bildirib.