14:45

Lənkəranın İcra başçısı 13 yaşlı Avropa çempionunu qəbul edib

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov 2 erməni idmançını məğlub edərək Avropa çempionu olan Nizami Əliyevi məşqçi müəllimi Elnur Həmidovla birgə qəbul edib.

Xəbər24.medanın məlumatına görə, İcra başçısı rayonun Nərimanabad qəsəbə sakini, Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, 13 yaşlı Nizami Əliyevi Avropa çempionu olması münasibətilə təbrik edib. Ölkəmizdə idman sahəsindəki uğurların ilbəil artığını vurğulayan T.Qaraşov bildirib ki, xalqımız təkcə döyüş meydanında deyil bütün sahələrdə, o cümlədən idman arenalarında da ermənilərə qalib gəlir. Natiq ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı nəticəsində idman sahəsində davamlı inkişafın təmin olunduğunu qeyd edərək, qalibiyyəti ilə ölkəmizin başını uca etdiyinə, Dövlət Bayrağını qaldırdığına, Dövlət Himnini səsləndirdiyinə, erməni idmançıları məğlub etdiyinə görə gənc idmançıya təşəkkürünü çatdırıb və Avropa çempionu olan lənkəranlı idmançını mükafatlandırıb.

Avropa çempionu Nizami Əliyev və onun məşqçi-müəllimi Elnur Həmidov qəbula görə təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, idmançılarımızın qələbə qazanması üçün ölkədə bütün lazımi şərait yaradılıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin Wako versiyası üzrə Avropa çempionatında Nizami Əliyev 32 kq çəki dərəcəsində 1-ci rəqibinə ( Serj Papyan) 3:0 hesabı ilə qalib gəlib, finalda isə 32 kq çəki dərəcəsində erməni rəqibinə (Mark Mikayelyana) 3:0 hesabı ilə qalib gəlməklə Avropa çempionu adını qazanıb.

Lənkəranlı gənc idmançı ötən ilin oktyabr ayında isə İtaliyada keçirilən Wako Dünya çempionatının final döyüşündə kuveytli rəqibi Karam Mohammada qalib gələrək Dünya çempionu olub.