17:03

Lerikdə şəhid Çingiz Babayevin xatirəsi anılıb

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli ictimaiyyət nümayəndələri Mistan kəndində Vətən müharibəsi şəhidi, əsgər Çingiz Sulduz oğlu Babayevin şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Xəbər24.medianın məlumatına görə, ziyarət zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Əliniyaz Əhmədəli oğlu Vahabovun da Mistan kənd qəbirstanlığındakı məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Daha sonra icra başçısı Ə.Abbasov şəhid Çingiz Babayevin ailə üzvərinin yaşadığı evə baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin anası Sevinc Babayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Çingiz Babayev ölümündən sonra "Vətən uğurunda", “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.