15:08

Lerikdə Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Əmrah Əkbərovun xatirəsi anılıb

Oktyabrın 12-də Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əmrah Şahid oğlu Əkbərovun şəhadətinin üçüncü ildönümündə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və yerli sakinlər şəhidin Livədirqə kəndində məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla ediblər.

Xəbər24.medianın məlumatına görə, kənd qəbiristanlığında həmçinin Vətən müharibəsi şəhidi Davud Xeyrulla oğlu Şirvanovun və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş Əbülfəz Ağaxan oğlu Məmmədovun da məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.

Daha sonra İcra başçısı Ə.Abbasov şəhid Əmrah Əkbərovun ailəsinin yaşadığı evə gələrək ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin babası Qədiməli Həmidov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Əmrah Əkbərov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğurunda", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.