13:58

Lənkəranda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığının təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini general-mayor Fuad Məmmədov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini İnqilab Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəisi Firad Əliyev iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, Heydər Əliyev Muzeyi ilə tanış olublar. “Heydər Əliyev 100” adlı sənədli filmin nümayişindən sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə tədbirin rəsmi hissəsinə başlanılıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dahi şəxsiyyətin əvəzedilməz fəaliyyəti barədə danışıb. Onun sözlərinə görə, dövlət müstəqilliyinin qorunub saxlanılması, müstəqil dövlət quruluşunun yaradılması, dövlət atributlarının təsis edilməsi, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması, vətəndaşların rifahının yaxşılaşdırılması 1993-cü ildə xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyinin sayəsində mümkün olub. Taleh Qaraşov qeyd edib ki, Ümummilli Lider qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi, uzaqgörən və məqsədyönülü qərarları, habelə siyasi ustalığı ilə hər zaman xalqın mənafelərini önə çəkib və ölkənin inkişafını təmin edib. Bildirilib ki, bir-birindən əsaslı şəkildə fərqlənən iki idarəçilik sisteminə hakim olmaq dahi şəxsiyyətin mükəmməl idarəçilik bacarığının təzahürüdür.

İcra başçısı Ulu Öndərin siyasi hakimiyyətdə olduğu dövrlərin mərhələlər üzrə analizini verib və vurğulayıb ki, dahi şəxsiyyətin bütün dövrlərdəki fəaliyyəti yalnız xalqına həsr olunub. Taleh Qaraşov Ümummilli Liderin qurub yaratdığı müasir müstəqil Azərbaycanın bugünkü və gələcək nəsillərə əmanət olduğunu ifadə edib.

Daha sonra Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general-mayor Fuad Məmmədov və Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəisi Firad Əliyev çıxış ediblər. Natiqlər əsasən Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətindəki fəaliyyəti barədə geniş məruzə ediblər.

Bildirilib ki, Ulu Öndər sovet hakimiyyəti dövründə Azərbaycanın milli ordu quruculuğunun bazasının təşkil edib. Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasını ordu quruculuğu istiqamətində uzaq perspektivə hesablanmış strateji addım olaraq qiymətləndirən natiqlər yaxın hədəf kimi Ümummilli Liderin o vaxtkı İttifaqın ali hərbi məktəblərində azərbaycanlıların hərbi təhsil alması işinə ayrıca önəm verdiyini vurğulayıblar. Uzaqgörən siyasi strateq, dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə nail olunub.

Çıxışçılar Azərbaycan Silahlı Qüvvələrinin bu gün qarşıya qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik NATO standartlarına cavab verən səviyyədə olduğunu ifadə ediblər. Qeyd olunub ki, vahid komandanlığa tabe, müasir hərb elminin tələblərini özündə ehtiva edən ordumuz Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.