21:58

78 saylı Lənkəran kənd seçki dairəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunur.

Xəbər24.medianın məlumatına görə, yanvarın 17-dən başlayaraq 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri üçün də treninqlərə başlanıb.

78 saylı Lənkəran dairə seçki komissiyasının sədri Əlövsət Rufiyev bildirib ki, hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

İlk gün 78 saylı Lənkəran dairə seçki komissiyasının üzvü Məzahir Əliyev səsvermə prosesi, seçki günü prosedurları, səslərin sayılması, seçki məntəqələrinin səsverməyə hazırlanması və digər məsələlər barədə məlumatlar verib.

Teninqdə ATƏT-in müşahidə missiyasının üzvləri Hans Kristen Knaversuld və Andrey Ostvald iştirak ediblər.

Treninqlər seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 5 gün ərzində keçiriləcək.