16:48

Yanvar şəhidi Rövşən Bədəlovun xatirəsi yad olunub

Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbdə Azərbaycan tarixinə qanlı və şanlı 20 Yanvar tarixi kimi düşən və bu qanlı faciəyə şahidlik edən, ən müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalan vətənpərvər el oğlu Rövşən Seyfulla oğlu Bədəlovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Xəbər24.medianın məlumatına görə, məktəbin direktoru Bəxtiyar İbayev və tədbirdə iştirak edən digər qonaqlar çıxış edərək istiqlaliyyət yolunun zirvəsi olan qanlı 20 Yanvar faciəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti ilə qazandığımız zəfərlə həmin qanlı faciə qurbanlarının qisasının alındığını bildiriblər.

Sonda məktəbin şagirdlərinin 20 Yanvar hadisələrini, Rövşən Bədəlovun parlaq həyat və örnək döyüş yolu barədə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, Yanvar şəhidi Rövşən Bədəlov 1965-ci il sentyabrın 25-də Lənkəranda anadan olub. Yanvarın 26-da o, Şahin Məmmədov və Rövşən Allahverdiyev birlikdə motosikllə Hoftoni kəndindən Kirov kəndinə gedən yolda hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutublar. Rövşən Bədəlov və Şahin Məmmədov öldürüləndən sonra yandırılıb. Rövşən Allahverdiyev isə təsadüfən sağ qalıb.

Lənkərandakı Şəhidlər qabiristanlığında dəfn edilib.