13:31

Liman şəhər sakinləri ilə görüş

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Xəbər24.medianın məlumatına görə, görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

İcra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə söz açaraq yerlərdə səyyar görüş-qəbulların keçirilməsinin vacibliyini qey edib. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığı əsasında keçirilən belə tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Səyyar görüşdə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı qurumlara müraciət olunması səlahiyyətli şəxslərə tapşırılıb.

Səyyar qəbulda sakinlərin rayon rəhbərinə könüllü, birbaşa və sərbəst şəkildə şəxsi və ümumi problemlərini çatdırmasına tam şərait yaradılıb. Limanlılar şəhər ərazisindəki yenidənqurma, abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.