11:58

Astarada yeni maddi - mədəniyyət nümunələri aşkar olunub

Astara rayonundakı Əlişah qalasında aparılan tədqiqatlar zamanı XII-XIV əsrə aid yeni maddi – mədəniyyət nümunələri aşkar olunub.

Xəbər24.medianın məlumatına görə, rayonun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında arxeoloji tədqiqatlatlar cari ilin iyul ayının 15-dən başlanıb. Tədqiqatlar zamanı qalada otaqlar, miniatur saxsı materiallardan hazırlanan kaşalar və 8 metr uzunluqda saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb.

BEkspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevun sözlərinə görə, aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir. ”Həmin kaşıların qalada aşkar olunması, burada memarlıq üslubunda olan çox möhtəşəm bir binanın olmasının göstəricisidir. Burada 8 metr uzunluğunda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının fundamentinə gəlib çatmışıq.

Fundamentin ərazisində, bunu ona görə qeyd edirik ki, döşəmə qatlarının hər bir tikinti qalıqlarının otaqların daxilində aşkar olunmaqdadır. Bu qalanın özəlliyi ondan ibarətdir ki, bura bir fenomen qaladır və el arasında onu Divəkə qalası, divlər evi adlandırırlar.

Ekspedisiyanın üzvü Ülkər Camalova isə bildirir ki, qalada daha çox fayans tipli keramika nümunələri üstünlük təşkil edir. “Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər məhz füruzəyi rəngdə üstünlük təşkil edirdi. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd göy, mavi, qara rəngli, ağ rəngli həmçinin şirli daha çox nümunələrinə rast gəlinir. Azərbaycanda çaşının ən gözəl nümunələri XIII əsrdən başlayıb. Bu,hardasa cənubi Azərbaycanda hal-hazırda yerləşən Marağa şəhərində Qırmızı Gümbəz adlanan abidədə rast gəlinib. Daha sonra Təbrizdəki Göy Məscidi göstərə bilərik ki, burda kaşılardan geniş istifadə olunub. Daha sonra Pirhüseyn Xanəgahını, Bərdə Türbəsini göstərə bilərik. Naxçıvandakı Möminəxatun Türbəsində üzərini dekarativ estekik görünüşünü bəzəyən kaşılardan istifadə olunmuşdur. Hazırda gördüyünüz bu müxtəlif rəngli kaşılar Özbəkistanda 1334-1434-cü illərə aid olan keramika nümunəsi ilə oxşarlıq təşkil edir”.

Qeyd edək ki, Alaşa kəndi ərazisində, 70 metr hündürlükdə yerləşən müdafiə istehkamı Əlişa qalası, İran İslam Respublikası ilə həmsərhəddir. Qaladan həmçinin Xəzər dənizi açıq müşahidə olunur. Bu da o deməkdir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə seçilib.