13:23

“Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək

“Qarabağ” Türkiyənin “Qalatasaray” komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib. “Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib.

O, qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. "Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik”.

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar “Qalatasaray”ın Almaniya və “Ferensvaroş” da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin “Qalatasaray” “Qarabağ”la oyun keçirməyə üstünlük verib.

Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.