07:46

Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika güləş turnirinin açılışı olub - FOTOLAR

Ötən gün Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yeniyetmələr arasında XXVII ənənəvi açıq Respublika turnirinin açılış mərasimi olub.

Xəbər24.medianın məlumatına görə, əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səslənib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev bildirib ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

Azərbaycan Güləş Federasiyasının əməkdaşı, “Şöhrət” ordenli Elçin Cəfərov, Nadir Ağayevin yetirmələri – Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Əli Əliyev, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımovun qardaşı Salam Qasımov, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası Tofiq Eyvazov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən söz açaraq, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndiriblər.

Ölkədə idmanın inkişafından danışan natiqlər günbəgün tərəqqi edən güləşimizdə Nadir Ağayev kimi ustad məşqçilərin əvəzsiz xidmətini, bu şərəfli ənənəni idman tariximizdə zəfərli illərlə yaşadıb davam etdirməyi diqqətə çatdırıb, idmançılara uğurlar arzulayıblar.

Nadir Ağayevin qohumu, “Pəhləvanın salnaməsi” kitabının və eyniadlı filmin müəllifi, jurnalist-publisist Akif Ağayev idman tədbirinin təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, Masallı Rayon İcra Hakimiyyətinə, Rusiya Federasiyasının əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarına, Lənkəran-Astara Regioanl Gənclər və İdman İdarəsinə, idarənin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirova, eləcə də zəhməti keçən hər kəsə minnətdarlıq bildirib.

“Halay” folklor xalq kollektivi və “Masallı” rəqs qrupu üzvlərinin ifasında rəqs nömrələri nümayiş olunub.

Sonra komanda heyətlərinin yarışa tam hazırlığı bildirildikdən sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.

Məlumat üçün bildirək ki, 21-22 oktyabr 2023-cü il tarixdə keçirilən turnirdə 2007-2009-cu il təvəllüdlü yunan-Roma güləşçiləri 11 çəki dərəcəsində mübarizə aparır.

Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 20-dən artıq komandanın tərkibində 200-dən yuxarı yeniyetmə yunan-romaçı qüvvəsini sınayır.

Yarışların ilk günündə altı çəki dərəcəsində müəyyən olunan qaliblər Lənkəran-Astara Regional İdarəsi və sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Turnirə oktyabrın bu gün yekun vurulacaq.

Akif VAQİFOĞLU.