09:20

Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri başa çatıb - FOTOLAR

Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXVII ənənəvi respublika turniri başa çatıb.

Xəbər24.medianın məlumatına görə, Azərbaycan Güləş Federasiyası və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımovun dəstəyilə keçirilən turnir iki gün (21-22 oktyabr) davam edib.

Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda 2007-2009-cu il təvəllüdlü idmançılar 11 çəki dərəcəsində mübarizə aparıblar.

Turnirdə respublikanın rayon və şəhərlərindən 20-dən artıq komandanın tərkibində 200-dən yuxarı yeniyetmə pəhləvan qüvvəsini sınayıb.

Yarışların yekun nəticələrinə əsasən qaliblər təşkilat komitəsi və sponsor tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Komanda hesabında Sumqayıt komandası birinci, Göyçay ikinci, Masallı komandası isə üçüncü yerə layiq görülüb.

Turnirin keçirilməsində göstərilən dəstəyə görə bir qrup şəxsə təşkilat komitəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.