15:56

Lənkəran teatrında yeni tamaşa:"Müqəssir"- FOTOLAR

Xəbər24.medianın məlumatına görə, Lənkəran Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" vodevilinin motivi əsasında "Müqəssir" tamaşasının məşqləri davam etdirilir. Mistik komediya janrında olan səhnə əsərinin müəllifi B.Şukin adına Moskva Teatr İnstitutunun məzunu, Azərbaycan Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlıdır.

Qeyd edək, ki, tamaşada rejissor müəllif kimi çıxış edib və Əbdürrəhim bəy Haqverdiyevin pyesində Mixail Bulqakovun "Master və Marqarita" əsəri ilə uzlaşmalar və eynilikləri aşkarlamaqla əsərə intertekstuallıq edib.

Tamaşada Allah tərəfindən yollanılan Elçinin yanında Ə.Haqverdiyevin orijinal tekstində qeyd olunan Qasım bəyin evinin döşəməsindəki xalçanın üstündə toxunmuş pişik də gəlir (Pişik Begemot). Burada Elçi həm Voland (İblis, Mefistofel) və həm də Mələyin vəzifəsini özündə birləşdirir.

Ümumi hadisələr isə kinostudiyanın montaj otağında gecənin yarısında cərəyan edir. Səhnələr sanki Cut montaj üslubunda bir-birlərinə Tanrı tərəfindən (Ən böyük rejissor və montajçı) birləşdirilir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısıı Azər Hacıəsgərlidir.

Elçi rolunu Azərbaycan Respublikasının Xalq artisti Qabil Quliyev, Qadın obrazını aktrisalardan Gülər Kərimova və Ayşən Əsədova, Kişi obrazını Saleh Əzimzadə, Pişik Begemotu rolunu Nizami Qurbanov, digər rollarıTeymur Hacızadə, Vəfa Hacızadə, Günel Abbaszadə və Amil İbrahimli canlandırırlar.

Rejissorun açıqlamasına görə, tamaşanın premyerası iyun ayının axırları üçün nəzərdə tutulub.















Xəbər24.media
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru