16:53

Lənkəran teatrında yeni mövsümün başlanması ilə bağlı yığıncaq keçirilib

Sentyabrın 5-də Lənkəran Dövlət Dram Teatrında 133-cü mövsümün başlanması ilə əlaqədar kollektivin geniş tərkibdə yığıncağı keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbiri teatrın direktor vəzifəsini icra edən İntiqam Hacılı açaraq, ötən mövsümün yekunları və yeni mövsümdə qarşıda duran vəzifələrdən bəhs edib.

Qeyd olunub ki, 132-ci mövsümdə teatrın repertuarının zəngiləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, 10 tamaşa və kompozisiya hazırlanıb. Yeni teatr mövsümündə məhsuldar işləyəcklərini bildirən teatr rəhbəri hazırda paralel olaraq "Müqəssir” (müəllif: Ə. Haqverdiyev, rejissor: Abdulla Elşadlı), "Cəmilə” (müəllif: Çingiz Aytmatov, rejissor: İmran Əli Qurbanlı), "Bu da axırı” (mono tamaşa; müəllif: Piter Turini, rejissor: Abdulla Elşadlı) tamaşalarının tamamlama, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İki 23 arasında" (müəllif: Qəşəm Nəcəfzadə, rejissor:Emil Əskərov) əsəri üzərində məşqlərin davam etdrildiyini bildirib.

Teatrda Ulu Öndər Heydər Əliyevin 100 ilik yubileyi və Milli peşəkar Azərbaycan teatrının yaranmasının 150 illiyi münasibəti ilə ölkə başçısının müvafiq sərəncəmaları ilə əlaqədar olaraq "Uçan səhnə" layihəsinin həyata keçirildiyini xatırladan İ.Hacılı sentyabrın 3-cü ongünlüyündə bu layihənin dağlıq Biləsər kəndində davam etdiriləcəyini diqqətə çatdırıb.

Yığıncaqda çıxış edən teatrın baş rejissoru Anar Babalı yeni mövsümə sentyabrın 24-də Xalq yazıçısı Kamal Abdullanın "Casus" tamaşası ilə start veriləcəyini söyləyib. Onun sözlərinə görə, oktyabr ayından etibarən hazırda məşqləri davam etdirilən tamaşaların premyeraları keçiriləcək. Baş rejissor çıxışında yaradıcı kollektivə işlərində uğurlar arzulamaqla yanaşı, hər kəsi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməyə çağırıb.