13:42

Lənkəranda yeni teatr mövsümü başlayıb

Sentyabrın 17-də Lənkəran Dövlət Dram Teatrı özünün 133-cü mövsümünə başlayıb.

Bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktor vəzifəsini icra edən İntiqam Hacılı çıxış edərək, ötən mövsümdə görülmüş işlər və gələcək hədəflər barədə məlumat verib. Bildirilib ki, sentyabr və oktyabr aylarında daha iki tamaşanın premyerası baş tutacaq.

Sonra çıxış edən teatrın baş rejissoru Anar Babalı, Əməkdar artist Sucəddin Mirzəyev və Şarud Mehdiyeva tamaşaçılara və teatrın yaradıcı kollektivinə ürək sözlərini çatdırıblar.

Açılış mərasimindən sonra tamaşaçılara gənc rejissor Abdulla Elşadlının Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" pyesi əsasında səhnələşdirdiyi "The Müqəssir" tamaşası təqdim olunub. Rejissorun debüt tamaşası olan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, artistlər Saleh Əzimzadə, Ayşən Əsədova, Nizami Qurbanov, Məleykə Cəfərova, Teymur Hacızadə, Vəfa Hacızadə və Günel Abbaszadə canlandırıblar.

Maraqla qarşılanan tamaşanın bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlıdır.