19:56

MUĞAMLI TOY AXŞAMININ UNUDULMAZ ANLARI

XX əsrin sonuncu avqustunun 25-dən bu gün 25 il ötür. 25 il tarix qarşısında qısa zaman kəsiyi olsa da, insan ömrü üçün uzun bir dövrdür, əsrin dörddə biridir. Məlumdur ki, bu dövrdə kimlər həyata göz açıb, kimlərsə vida deyib.

Bu tarixə niyə qayıtmışam, o 25 avqustu niyə xatırlamışam?!

Həmin unudulmaz tarix şəxsiyyətinə və sənətinə yüksək dəyər verdiyim dünya şöhrətli xanəndə Canəli Əkbərovun şirin avazıyla süslənən mənə həyatım qədər əziz olan qardaşım Yusif Bəhramoğlunun toy axşamı idi.

Canəli Əkbərov yaddaşlara yazılan bu toy axşamında çox muğam, təsnif və xalq mahnısı oxudu. Amma bir bayatısı o axşam kövrəltmişdi məni, bu gün də könlümdə nostalji duyğular yaradır.

Əziziyəm bir də mən,
Çal, oxuyum bir də mən .
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən.

Əslində bayatıda ikinci misra “Doldur, içim bir də mən” kimidir. Amma Canəli Əkbərov “Çal, oxuyum bir də mən” oxuyur. Bu iqtibas da mənim çox xoşuma gəlir.

“Gün keçdi” filmində deyildiyi kimi, “Ömür keçdi...” Təəssüf ki, o toyun bəyi Yusif Bəhramoğlu o unudulmaz axşamdan sonra cəmi 12 il yaşadı bu vəfasız dünyada.

Qaçılmaz əcəldən kim qurtula bilib ki?

Amma ömür-gün dostu Aytən müəllimə Yusifin ocağını ləyaqətlə qoruyur. Yadigarları Bəhram və Mehdi cəmiyyətdə layiqli yerləri olan gənclərdir.

Unudulmaz toyun xanı (xanəndəsi) Canəli Əkbərov da 2021-ci ilin 21 oktyabrında haqqa qovuşdu. Yerində əzəli və əbədi Leylisi Arifə xanım, övladları, nəvə və nəticələri, sənətinin davamçıları olan yetirmələri...

İndi o lent yazılarını geri qaytarıb təkrar-təkrar baxıram. Sanki o zamanın içindəyəm. Kəsilmək bilməyən alqışlardan ürəyi riqqətə gələn xanəndə fikirlərini bölüşür. “Əziz lənkəranlılar! Xan Lənkəranın say-seçmə ziyalıları, qaymaq kişiləri! Rəqssiz, meysiz-məzəsiz toy axşamında son dəqiqəyə kimi məni məhəbbətlə dinləməyinizdən ləzzət aldım. Mən də sizin qarşınızda öz sənət dünyamdan bir növ hesabat verdim, qürur duydum və ucaldım”.

Lenti yenə geriyə fırladıram. Muğamlar, təsniflər, xalq mahnıları könlümə su çiləyir. Bir bayatı isə bağrımı dəlir:

Əziziyəm bir də mən,
Çal, oxuyum bir də mən .
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən.

2024-cü ilin 25 avqustudur. 1999-cu ilin 25 avqustundan 25 il ötür. Toyun bəyi də, xanı da (xanəndəsi) haqq dünyasındadır. Fəqət insan ömründən daha etibarlı və uzun lent yazıları... Bu lent yazılarını Canəli Əkbərovun böyük kürəkəni, sənətinin vurğunu və mühafizi Nurəddin Salayev hazırlayıb, mənə bağışlayıb. Mən də öz növbəmdə saytın izləyicilərinə ərməğan edirəm.

25 avqustda Lənkərandakı meysiz-məzəsiz toy axşamından mətbuat da yazdı. Mən də təəssüratlarımı qələmə alıb, “Söz” jurnalında əbədiləşdirdim.
Ruhları şad olsun!

* * *

Lənkəranda çoxlu şadlıq evi, restoranlar var. Son vaxtlar "Lənkəran" mehmanxanasının restoranında tez-tez toylar, yubileylər və digər ziyafət məclisləri keçirilir. Burada indiyədək xeyli toy olub və yəqin ki, bundan sonrakı toyların sayı da çox olacaq. 1999-cu ilin 25 avqustunda çalınan toyun unudulmaz təəssüratı isə iştirakçıların yaddaşından heç vaxt silinməyəcək. Canəli Əkbərovun muğamları ilə süslənən həmin gecənin avazından daşlar da, divarlar da dincəlirdi. Bu mənim indi haqq dünyasında olan qardaşım Yusifin toyu idi. Arzu və xahişimizi yerinə yetirib Canəli Əkbərov Bakıdan öz maşınıyla Lənkərana gəlmişdi. Onun Opera Teatrında da, konsert salonlarında da çıxışlarını çox dinləmişəm. Zilə qalxanda ürəyim döyünüb - ay aman, neylədi, bəmə necə enəcək? - düşünmüşəm. Amma hər dəfə yanılmışam. Vəfalı səs hansı çılğınlıqla, şaqraqlıqla zilə, zirvəyə qalxıbsa, eyni ahənglə burula-burula axıb, öz məcrasına düşüb. Tar, kamanlı muğam axşamları barədə çox eşitmiş, çox oxumuşdum. İlk dəfə idi belə muğam axşamlı toyun sehrinə düşürdüm.

Nə halətdir ki mən düşdüm,
Nə istədi, nədir canan?
Gözəllərin gözəlisən,
Sən eşqimin əzəlisən!

Allah, Allah! Nə boyadır, nə xallardır səsə vurduğu?!
Şəm bir tərəfdə yanır, pərvanə bir tərəfdə.

Həmin gecənin pərvanələri - dinləyiciləri o şəmin şöləsində, o səsin alovunda yanıb kül olurdular. Konsert salonlarında dinləyicilərinin nəfəs çəkmədiklərinin şahidi olmuşam. Toyda belə ab-havanın ilk dəfəydi şahidi olmuşam. Mübaliğə olmasın, ürəklərimizin döyüntüsünü eşidirdik.

- Toy özü ictimai xidmət növüdür. Xanəndəlik sənətinin bayraqdarı sayılan Cabbar Qaryağdıoğlunu, Seyidi, Xanı, elə Bülbülün özünü toylar yetişdirməyibmi?! Əvvəllər deyilirdi, toyxana-zorxana. Mikrofonsuz oxuyan xanəndəyə həqiqi pasport vermək olardı. - Bunları Canəli Əkbərov deyir. Və həmin gecənin toyu sözlü, muğamlı ədəbi gecəyə dönmüşdü. Qurbanın, Bəhram Mənsurovun, Firudin Ələkbərovun, Əhsən Dadaşovun, Hacı Məmmədovun, Əhməd Bakıxanovun, Vamiq Məmmədəliyevin, Həbib Bayramovun, Mirnazim Əsədullayevin, Sərvər İbrahimovun, Möhlət Müslümovun, Ağasəlim Abdullayevin, Tələt Bakıxanovun, Ədalət Vəzirovun, Zakir Məmmədovun, Zamiq Əliyevin... tarına, kamanına oxuyan xanəndəni yerli tarzən Tahir Əliyev və gənc kamançaçı İlqar Əliyev müşayiət edirdi.

-İkinci trio toyudur iştirak etdiyim. Tar-kamanın nüfuzunu qorumaq lazımdır. Ötən illərdən birində Qərbi Berlində festivalda idik. Lyudmila Zıkina 4 simli balalaykasıyla çıxdı meydana. Rusun qədim alətidir. Düşündüm nə oldu? - Zıkina 4 simli balalaykasıyla Moskvadan Qərbi Berlinə gəldi, onu təriflədi, təbliğ etdi. Mənim tarımın 11 simi var. Niyə qədrini bilməyim? Axı, o da mənim keçmişimdən xəbər verir. Odur ki, belə toyları yalnız alqışlamaq lazımdır.

Bunları da Canəli Əkbərov dedi toyda.

-Sizin ifanız bizi tam qane və məftun etdi. Görünür, Azərbaycan Televiziyasına Lənkərandan ab-hava aparmaq lazımdır. Lənkəran Sizə o qədər doğmadır ki, oxuduqlarınızı birbaşa, dublsuz çəkərdik. Televiziyada isə bu imkanlarımız yoxdur.

Bunu toyun qonağı, Azərbaycan Televiziyasının operatoru Bağır Sadıqov söylədi.

-Tərifə ehtiyac yoxdur. Lampa yananda deyərlər, bəh-bəh nə gözəl yanır, lap günəş kimi işıq saçır. Günəşə deməzlər, günəş kimi yanırsan. Canəli Əkbərov muğam dünyamızın günəşidir. Oxuyanda şərab lazım deyil. Onu dinləyəndə insanda insanı məst edən endomorfin yaranır. Bunu mən bir həkim kimi deyirəm. İnanırıq ki, narkomanların müalicəsi üçün bu səsdən istifadə olunacaq. Bu axşam içkisiz, rəqssiz, yalnız muğamlı toy məclisində iştirak edəndə arxayın oluruq ki, dünya təmizlənir, gələcəyimiz üçün rahat ola bilərik.

Bunları Lənkəran Tibb Texnikumunun direktoru Cavad Cavadzadə söylədi.

Uzadaq ömrünü hər bir anın da,
Yel kimi ötməsin vaxt üstümüzdən.

Bu xoş anları bizə bəxş edən sözdür, musiqidir, muğamdır. Eşq olsun, bu gecənin xanəndəsinə və təşkilatçılarına! Muğamı indiki qədər yaxından duyub, dərk etməmişdim.

Eylə sərməstəm ki, idrak etməzəm dünya nədir?
Mən kiməm, saqi olan kimdir, meyi-səhba nədir?

Musiqi var, ayaq tərpədir, musiqi var, baş tərpədir. Klassik muğamlar düşün və yaşa deyir.
Meysiz, məzəsiz dünyada əl-ayaq tərpədib, rəqs etmədən də sərməstik.

Çox oxuyanlar var, hətta professordurlar. Canəli Əkbərov dosent olsa da, xalqın gözündə çoxdan akademik səviyyəsindədir və s.

Həmin gecənin toyu söz-muğam məclisi idi. Yazıya sığmayan belə tərifli sözləri LDU-nun dosentləri Hacı Mirhaşım Talışlı, Yədulla Ağazadə, həkim-stomatoloq Hacı Mirsayad, Müəllimlər Evinin direktoru Qurban Bağırov, "Lənkəran" qəzetinin redaktoru Həzi Əliyev, jurnalist Əlisəfa Həsənov, şair Ağamir Cavad, xanəndə Adil Rüstəmov, ailənin böyük kürəkəni, müəllim Hüseynəli Qasımov, evin sonbeşiyi, toyda isə Yusifə ata əvəzi olan Nizami Əliyev və başqaları söylədilər.

Ahü-fəryadın, Füzuli, incidibdir aləmi,
Gər bəlayi eşq ilə xoşludisən, qovğa nədir?

- Füzuli təkcə bizim yox, bütün dünyanın söz sərrafıdı. Füzuli möcüzədir. Mənim oxuduğum onun dərdidir. O, bir varlıqdır ki, yaşı dünyanın yaşına bərabər olacaq. Füzuli bir planetdir ki, dünya onun başına fırlanacaq.

Dahi Füzulini belə təbliğ edir Canəli Əkbərov. - Səsinin yanğısıyla, zəkasının diliylə.

Qəmin olmaz sənin Hacı, qəmə qəmxar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə!

Ruhun şad olsun, Hacı! (Xalq artisti Hacıbaba Hüseynov - S.Ə.). Muğam istədiyin kimi təbliğ olunur və ariflər zövq alırlar. O gecə Füzulinin, Seyidin qəzəlləri dil açdı. Sabir, Şəhriyar, Vahid, Şahid, Mirhaşım Müsafirin qəzəlləri muğamın əlçatmaz, ünyetməz zirvələrində gəzişdi. Televiziyada da muğam saatlarını dinləyirik. Fəqət belə anların adı saat olur, uzağı 15-30 dəqiqə vaxt ayrılır. İndi gəl muğamı ayrılan vaxta yığıb-yığışdır. Canəli Əkbərov o toyda düz 5 saat oxudu. Nə özü yoruldu, nə dinləyənlər doydu. Muğam üstündə köklənən səs zilində də, bəmində də dinləyiciyə saflıq aşıladı. Bulaq suyu kimi tər-təmiz səs və şirin nəfəsdən "Ay qəşəng ceyran", "Narı-Narı" süzüldü, "Çahargah" üsyanı qələbəyə harayladı. "Şur"u, "Segah"ı əsəbləri sığalladı, "Heyratı" harayı daşları, divarları titrətdi. Səs nələr etmədi - danışdı, düşündürdü, haray çəkdi, nalə dedi, ağladı, rəngdən-rəngə düşdü.

Arabir eşidilən səslər indi həsrətində olduğumuz şirin avazlı muğamlı gecələri xatırlatdı: Bəh-bəh! Allah saxlamış nə xallar, nə güllər vurur zəngulələrə. Vay-vay, zilə çox qalxdı, enə bilməz. Yanıqlı səsiylə bizdə can qoymadı. Oxu, səsinə qurban!

Sevda ƏLİBƏYLİ.
"Söz" jurnalı, 1-2.2000