07:42

Rüstəmxanlıdan həmkarına sərt reaksiya: "Hərəkata qara yaxmaq olmaz" - VİDEO

Bu gün Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmovun “İndiki müxalifət İrəvanı Ermənistana verən Xalq Cümhuriyyətinin varisidir” sözləri millət vəkili Sabir Rüstəmxanlının kəskin reaksiyasına səbəb olub.
xeber24.media xəbər verir ki, həmkarına irad bildirən S.Rüstəmxanlı deyib:
“Müxalifət deyiləndə müəyyən sərhəd qoyulmalıdır. Mən də müxalifətəm”.
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə müxalifət bir yerə toplaşıb Prezidentin apardığı siyasəti müdafiə edib:
“Bir qrupa görə "bütün müxalifət belə etdi" demək olmaz. Son vaxtlar təəssüf ki, bir çox xarici ölkələrin mövqeləri bəllidir. Bu dövrdə ölkəmizdə milli birliyə çox ehtiyac var. Yenidən cəbhələşməyə yol vermək olmaz".
Millət vəkili qeyd edib ki, Azərbaycan tarixində xalq hərəkatının yerini kiçiltmək yolverilməzdir:
“Vaxtilə Heydər Əliyev də hərəkatın kadrlarına baxıb qürur duyduğunu bildirirdi. Xalq hərəkatının üstündən xətt çəkmək, qara yaxmaq olmaz”.
S.Rüstəmxanlı vurğulayıb ki, tarixi bilən də, bilməyən də danışır:
“Nəriman Nərimanovu Rəsulzadə ilə üzbəüz qoyurlar, müzakirəyə çıxarırlar. Çünki tarixi istədikləri kimi yazıblar. Kim istəyir, nə istəyir öz ağlı səviyyəsində danışır. Dövlət siyasəti, tarixə münasibətdə dövlətin mövqeyi ortada olmalıdır”.
S.Rüstəmxanlının parlamentdəki çıxışının tam versiyasını aşağıdakı videodan izləyə bilərsiniz:



//bakupost