12:43

Vətənin qəhrəman oğlu

İkinci Qarabağ müharibəsində minlərlə qeyrətli Vətən oğlu qələbə naminə son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucaldı. Xalq öz qəhrəman övladlarını heç vaxt unutmur, onları həmişə ehtiramla xatırlayır. Belə unudulmaz qəhrəmanlardan biri də lənkəranlıların fəxri, qürur yeri şəhidi Romir Rəşadət oğlu Əliyevdir. Xəbər24.media - nın məlumatına görə, şəhidin doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə ictimaiyyəti nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib və önünə gül dəstələri düzüblər.

Qəhrəman şəhidimiz 14 may 1997-ci ildə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə yollanıb. 2017-cı ildə hərbi xidmət müddətini bitirmiş və mülki şəxs olaraq fəaliyyətini davam etdirib.
27 sentyabr 2020-ci il başlanan Vətən müharibəsində Romir Əliyev könüllü əsgər olaraq haqq savaşımıza qatılıb. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 20 oktyabr 2020-ci ildə Qubadlıda gedən ağır döyüşlərdə şəhid olub. Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə” medallarına layiq görülüb .

Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru