09:13

Yardımlıda qaçaqmalçılıq yolu ilə narkotik tərkibli həblər gətirmiş şəxslər tutulub

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə,Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi "Kia Rio" markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar.

Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib və cinayətkar qrupun digər üzvləri, Yardımlı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.